Ərdoğan Maska: "Yeddinci Tesla zavodunu Türkiyədə tikin"

11:15 18.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının iclasları üçün getdiyi Nyu-York dakı Turkevidə Tesla və SpaceX-in qurucusu və baş direktoru İlon Maskla görüşüb.

Hafta.az-ın yazdığına görə, Ərdoğan Maskı sentyabrın 27-dən oktyabrın 1-dək İzmirin Çiğli hava limanında keçiriləcək Teknofestə dəvət edib. Ərdoğan Maska Türkiyənin texnologiya sahəsindəki irəliləyişləri, Rəqəmsal Türkiyə Hədəfi və Milli Süni İntellekt Strategiyasından danışıb. Prezident Ərdoğan Türkiyənin kosmik proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini qeyd edib.

Ərdoğan Tesla-nın Türkiyə bazarına TOGG ilə girdiyini də xatırladıb və Muskdan elektrikli avtomobil şirkətinin 7-ci zavodunu məhz Türkiyədə qurmağa çağırıb.

Bu arada, Tesla-nın altı nəhəng zavodu barədə məlumata nəzər yetirək:

Fremont, Kaliforniya (ABŞ)

Kaliforniya ştatının Fremont şəhərindəki zavod Tesla qurulandan 7 il sonra - 2010-cu ildə açılıb. Tesla 511 min kvadratmetrlik bu zavodla Model S, 3, X və Y tipli avtomobillər istehsal etməyə başlayıb. Teslanın ən böyük işçi kütləsi olan bu zavodda 17 mindən çox adam çalışır.

Nevada (ABŞ)

Tesla 2016-cı ildə ABŞ əyalətində gigazavod kimi təsvir edilən ilk obyektini açıb. Nəhəng zavod elektrik mühərrikləri, akkumulyatorlar və güc aqreqatları üçün yüksək həcmli sənaye müəssisəsidir. Nevadadakından başlayaraq, Tesla-nın sonradan açdığı bütün obyektlər gigazavod kateqoriyasındadır.

Nyu York (ABŞ)

Nyu-York ştatının Buffalo şəhərində yerləşən Tesla zavodu 2017-ci ildə açılıb. Tesla bu müəssisədə imzası olan günəş dam plitələrini, günəş panellərini və kompressorlarını istehsal edir.

Şanxay (Çin)

Tesla ABŞ-dan kənarda ilk zavodunu 2019-cu ildə Çinin Şanxay şəhərində açıb. Hətta elə həmin ilin sonunda Çində ilk dəfə müşahidə edilən koronavirus epidemiyası və o zamankı ABŞ prezidenti Donald Trampın Çinə qarşı ticarət müharibəsi elan etməsi zavoddakı əməliyyatları dayandırmadı. Obyektdə Model 3 və Model Y tipli avtomobillər istehsal olunub.

Berlin-Brandenburq (Almaniya)

Teslanın Almaniyadakı zavodu ölkədəki ekoloji təşkilatların reaksiyasına baxmayaraq, ötən il açılıb. Şirkət bu müəssisədə Model Ys tipli avtomobillər və akkumulyatorlar istehsal edir. Elon Mask bu gigazavodu "region, Almaniya və dünya üçün ləl-cəvahirat" kimi təsvir edib. Bu obyektlə Tesla Almaniyanın Brandenburq əyalətində ən böyük işəgötürəndir.

Texas (ABŞ)

Teslanın Texas ştatının paytaxtı Ostindəki zavodu həm də şirkətin yeni qərargahıdır. Model Y, Cybertruck və Semi tipli avtomobillərin istehsal olunduğu obyekt 929 min kvadratmetr sahədə inşa edilib. Zavodda 70 min günəş paneli var. Boya kabinəsində quru filtr texnologiyası ilə hər il 2,7 milyon gallon suya qənaət edilməsi gözlənilir. Tesla ilk dəfə bu zavodda daha uzun ömürlü 4680 hüceyrəli struktur batareya paketini istehsal etməyə başlayıb.

Tesla gələn il Şanxayda daha bir nəhəng zavod açmağı planlaşdırır.

İlon Mask mart ayında verdiyi açıqlamada Tesla-nın Meksikada gigazavod açacağını və dəyəri 5 milyard dolları keçəcək bu müəssisənin “dünyanın ən böyük elektrikli avtomobil istehsal müəssisəsi” olacağını bildirmişdi. Meksikanın şimalındakı Nuevo Leon əyalətində zavodun tikintisi davam edərkən, Tesla da Hindistanda zavod açmağı gündəmə gətirib.

May ayında verdiyi açıqlamada Mask, yəqin ki, ilin sonuna qədər başqa harada zavod tikəcəklərini müəyyən edəcəklərini söyləyib.

Teslanın səhmləri bu il indiyədək 123 faiz dəyər qazanıb. Şirkət şənbə günü 5 milyonuncu avtomobilini istehsal etdiyini açıqlayıb.